Ölkəmizdə 25-ci “Vətən Bağı” Ağstafa rayonunda salındı.
2021-ci ildən etibarən “Qırmızı Ürəklər” Fondu Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağaclar əkilir. Layihə Azərbaycanın ekoloji mühitinə töhfə vermək və şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədini daşıyır. Növbəti “Vətən Bağı” “Qırmızı Ürəklər” Fondu, “Paşa Holding” MMC və “Kapital Bank” ASC-nin təşkilatçılığı ilə Ağstafa şəhəri, Hüseyn Arif küçəsində salınıb. Ərazidə "Hər şəhid üçün bir ağac əkək" şüarı ilə 229 ədəd sərv və tuya ağacının əkildiyi aksiyada RİH başçısı Seymur Orucov, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva və məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, “Kapital Bank”-ın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihə Ağstafa Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib. “Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində “Vətən Bağ”larının sayı 25-ə çatıb və ağacəkmə mövsümü zamanı davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir.