Qazax-Tovuz regionunda Aqrar Sığorta Fondunun yeni filialı fəaliyyətə başlayıb
Regionlarda fermer təsərrüfatlarını çoxsaylı risklərdən sığortalayan Aqrar Sığorta Fondu yeni filiallarla əhatə dairəsini daha da genişləndirib.
Dekabrın 15-də Qazax-Tovuz bölgəsində Aqrar Sığorta Fondunun yeni filialı fəaliyyətə başlayıb.
Şəmkir rayonunda yerləşən filialda fermerlər aqrar sığorta barədə geniş məlumat ala, əkin və təsərrüfatları sığortalaya, müxtəlif sənədləşdirmə işlərini həyata keçirə, sığorta hadisələri barədə məlumat verə bilərlər.
Bununla bağlı keçirilən tədbirdə Aqrar Sığorta Fondunun və yerli icra hakimiyyətinin rəhbərliyi, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, fond fəaliyyətə başladığı qısa müddət ərzində böyük zərər ödənişləri həyata keçirib.
Bu ödənişlərin məbləği 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat olub. 2023-cü ildə isə bu məbləğin 6 milyon manata çatacağı gözlənilir. Artıq zərərlə üzləşmiş sığortalı fermerlərə 4 milyon manata yaxın ödəniş edilib.
Onun sözlərinə görə, bu günədək aqrar sığortadan ölkəmizdə minlərlə fermer faydalanıb, müxtəlif hadisələr tərəfindən onlara dəyən zərərlər fond tərəfindən kompensasiya edilib.
Yeni filial Azərbaycanın kənd təsərrüfatı cəhətdən ən inkişaf etmiş bölgələrindən olan Qazax-Tovuz bölgəsində Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının fermerlərinə dəstək verəcək, onların risklərdən qorunmasına kömək edəcək.
Tədbirdə iştirak edən Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy bildirib ki, aqrar sığorta Qazax-Tovuz regionunda iş adamlarını risklərdən qorumaqla onların kənd təsərrüfatında daha inamlı fəaliyyət göstərməsinə imkan verəcək.
Artıq Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları fermerləri aqrar sığorta ilə bağlı 1651 Çağrı mərkəzi ilə yanaşı, yeni filiala da müraciət edə biləcəklər.
Qeyd edək ki, yeni fililalların fəaliyyətə başlaması ilə Aqrar Sığorta Fondunun filialarının sayı 6-ya çatıb. İndiyədək fondun Quba, Cəlilabad, Göyçay və Şəki filialları uğurla fəaliyyət göstərir.