“Qələmi silaha dəyişən müəllim” adlı kitabın təqdimat mərasimi keçirilib.
Vətən müharibəsinin ilk günlərindən könüllü cəbhəyə yollanan şəhid məktəb direktoru Elvin Elsevər oğlu İmaməliyevin mənalı ömür yolundan bəhs edən “Qələmi silaha dəyişən müəllim” adlı kitabın təqdimat mərasimi keçirilib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən əvvəl Elvin müəllimin direktoru olduğu Ağstafa şəhər 1 saylı tam orta məktəbində onun xatirəsinə inşa olunmuş abidə-kompleksi ziyarət olunaraq önünə əklil qoyulub və gül dəstələri düzülüb.
Tədbirdə Elvin müəllimin və digər ağstafalı şəhidlərimizin ailə üzvləri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, kitabın müəllifi Mətanət İmamquluyeva, rayonun–hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin böyük akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin ərazi bütövlüyü urğunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Kitabın müəllifi qeyd edib ki, 44 günlük Vətən mühribəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Elvin müəllimin simasında Babək, Koroğlu hünərili qəhrəman oğullarımızın ümumiləşdirilmiş obrazını təqdim edib. Bu kitab şəhid qəhrəmanımızın xatirəsini əbədiləşdirən söz abidəsidir.
Seymur Orucov, şəhidin atası Elsevər İmaməliyev və digər çıxış edənlər Elvin müəllimin keçdiyi şərəfli ömür və döyüş yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar. Həmçinin böyük ölçülü ekranda Elvin İmaməliyevə həsr olunmuş filmin nümayişi, “Zəfər marşı”nın ifası tədbir iştirakçılarında sonsuz qürur hissi, səmimi və kövrək duyğular yaşadıb.
Ağstafanın ən gənc direktoru kimi adını tarixə yazdıran Elvin İmaməliyev həmçinin Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatının Gənclər Birliyinin sədri idi.
Allah şəhidlərimizə rəhmət etsin!