Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin arzuladığı toy baş tutdu...

01 fevral 2023 | 15:20

“Turanla bir yerdə xidmət keçmişik. Ən yaxın sirdaşım olub. Müharibə başlayanda da döyüşlərə bərabər getdik. O insanın üzündən heç zaman təbəssüm əskik olmurdu. Qələbədən sonra toyu olacaqdı. Müharibə başlamamışdan qabaq toyunun vaxtını da planlaşdırmışdı. Hər ikimizin məzuniyyəti var idi. Məni buraxmadı ki, məzuniyyətə birgə çıxarıq, toyumda kömək edərsən. Müharibənin gedişində sanki ürəyinə dammışdı şəhid olacağı. Telefonunun kodunu, nişanlısı ilə şəkillərinin yerini dedi mənə və onu da dedi ki, “yaxşı ki, hələ toyum olmayıb”. Bu sözləri müharibədə bir ayağını itirən qazi Nurlan Məmmədov, dostu Turanın dəfni zamanı onun son günlərindən danışarkən demişdi…
 

Qeyd edək ki, Turan Məmmədli Vətən müharibəsində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Xocavənd ətrafında keçirilən hərbi əməliyyatda şəhid olub. Zəfər günündən 20 gün sonra nəşi torpağa tapşırılıb. Düşmənin çox sayda canlı qüvvəsini məhv etdiyinə görə "Vətən Uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
…Bugünlərdə Turanın arzuladığı toy baş tutub, amma özünün yox, qardaşının. Ağstafanın Göycəli kəndindən olan Vətən müharibəsi şəhidi Turan Məmmədlinin qardaşı Gəray Məmmədli ailə həyatı qurub. Bu münasibətlə keçirilən toy mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ağsaqqallar, şəhid valideynləri və qazilər iştirak edib. 
Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himnimiz səsləndirilib.
Qonaqlar yeni ailə həyatı quran Gəray Məmmədli və onun xanımına ən xoş arzularını çatdırıb, ölkəmizdə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.
Şəhidimizin valideynləri Raqif ata və Ulduzə ana ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına görə, o cümlədən şanlı Qələbəmiz naminə şücaət göstərən Vətən oğullarına və onların ailə üzvlərinə hərtərəfli qayğı göstərən Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

https://xalqqazeti.com/mobile/az/news/121139?fbclid=IwAR0v_jF4BVKKUkw-RpINIpf7fisByCRHUTTVZ_n8dyNJNIu_SY96pj1yOcE

Keçidlər