Seymur Orucov Aşağı Kəsəmən kəndində növbəti dəfə vətəndaşları dinləyib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Aşağı Kəsəmən kəndində keçirib. Kəndin tam orta məktəb binasında təşkil olunan qəbulda aidiyyəti idarə, müəssisə və təşkilatların məsul nümayəndələri, yerli sakinlər iştirak ediblər.
RİH başçısı çıxışında qeyd edib ki, bu gün müstəqillik tarixinin ən güclü, ən qüdrətli və ən şərəfli dövrünü yaşayan ölkəmizdə qazanılan hər bir uğurun, əldə edilən hər bir tarixi zəfərin təməlində tək bir sarsılmaz amil, xalq-iqtidar birliyi dayanır. Dünyanın müxtəlif bölgələrində böhranların, qarşıdurmaların və qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyada sabitliyin və təhlükəsizliyin ən etibarlı ünvanlarından birinə çevirmişdir. Əldə olunan yüksək nailiyyətlər həmçinin məhz xalqımızın öz dövlətinə olan sonsuz inamının nəticəsidir.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər ətrafında geniş müzakirələr aparılıb və onların həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.






