Seymur Orucov Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibi Ramilə Əhmədova ilə görüşüb, boksçunu və məşqçisini RİH-in Fəxri Fərman və hədiyyəsi ilə təltif edib.
Ağstafa RİH başçısı aparatında keçirilən görüşdə başçının müavinləri, şöbə müdirləri, boksçunun məşqçisi Aqşin Mansurov və anası Züleyxa Əhmədova da iştirak ediblər.
28.09.2007-ci il təvəllüdlü Ramilə Məhəmməd qızı Əhmədova hazırda Ağstafa rayon Pirili kənd tam orta məktəbin 9-cu sinif şagirdidir. O, 15-22 dekabr 2022-ci il tarixlərində Bakı şəhəri Boks Mərkəzində təşkil olunan və 56 komandanın iştirakı ilə keçirilən Gənc boksçular arasında Azərbaycan birinciliyində qüvvəsini sınayıb. Yekunda 57 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub və birinciliyin ən yüksək fəxri kürsüsünə yüksəlib. Ağstafalı boksçu digər mükafatçılar kimi yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəkdir.
Ramilə, anası Z.Əhmədova və məşqçisi A.Mansurov ölkəmizin idman sahəsinə və idmançılara hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.