Seymur Orucov növbəti dəfə ağstafalı fermerlərlə görüşüb
Ağstafa RİH başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə aidiyyəti üzrə məsul şəxslər, Ağstafa rayonunun kənd təsərrüfatı sahəsi üçün xarakterik olan üzümçülük, kartofçuluq təsərrüfatları ilə məşğul olan fermerlər iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət nəticəsində kənd təsərrüfatında artım tempi təmin olunur, bu sahədə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlər icra olunur, fermerlərə dövlət dəstəyi daim diqqətdə saxlanılır, yerli məhsulların rəqabət qabiliyyəti artırılır. Aqrar sektor üçün olduqca əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə malik olan ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafı güclü iqtisadi potensiala əsaslanır.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Musayev aqrar sahənin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiqlənmiş dövlət proqramlarından söz açıb, Ağstafa rayonunda becərilən üzüm və kartof bitkilərinə dair statistik məlumatları diqqətə çatdıraraq bildirib ki, hər iki sahənin inkişafı artan dinamika ilə davam edir.
Çıxış edən digər natiqlər Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ağstafa Şurasının sədri Vüqar Kərimov, müvafiq olaraq kartofçuluq və üzümçülük təsərrüfatları ilə məşğul olan fermerlər - Etibar Əsgərov, Elvin Yaqubəliyev, Əsəd Rzayev, Eyyub Budaqov, Yulət Kərimov, Səməndər Vəliyev, Qurban Aslanov və digərləri öz təcrübələrini bölüşüb, aqrar sahədə əldə etdikləri uğurlardan söz açıb, onları maraqlandıran bir sıra məsələləri önə çəkiblər. Ağstafalı fermerlər həmçinin aqrar sektorun inkişafına, o cümlədən onlara dövlət tərəfindən göstərilən dəstəyə, ödənilən subsidiya və digər bu kimi güzəştlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
İşgüzar şəraitdə keçən görüşdə rayonun kənd təsərrüfatı sahəsinin inkişafına dair fermerlərin bir sıra vacib məsələlərə dair fikirləri öyrənilib, onların təklif və müraciətləri qəbul olunub. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.