“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda Ağstafa RİH başçısı aparatının inzibati binasında maarifləndirici tədbir keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, inzibati ərazi dairələri və bələdiyyələrin nümayəndələri, aidiyyəti dövlət orqanlarının yerli qurumlarının mütəxəssisləri, Sudan İstifadəedənlər Birliklərinin (SİB) səlahiyyətli şəxslərin, fermerlərin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər son illərdə ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında görülmüş mühüm işlər, bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə icra edilmiş iri layihələrdən bəhs ediblər. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafının sürətləndiyini, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sisteminin əhəmiyyətli dərəcədə yaxşılaşdığını və müasirləşdirildiyini bildiriblər. Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadənin və tullantılardan mühafizəsinin zəruriliyini qeyd ediblər. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Dövlət orqanları ilə yanaşı ictimaiyyətin də bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar.
Görüş zamanı sudan səmərəli istifadə üzrə mütərəqqi suvarma texnologiyalarının tətbiqi ilə bağlı məlumat-təşviqat işlərinin aparılması, mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.