Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan respublikanın ümumtəhsil müəssisələrində çalışan əməkdaşlar arasında keçirilən şahmat yarışının Ağstafa rayonu üzrə yekun final mərhələsi baş tutub
10 aprel 2026 | 10:19
Tədbir həm Ulu Öndərin zəngin dövlətçilik irsinə ehtiramın ifadəsi, həm də müəllimlər arasında intellektual yarış ruhunun, həmrəyliyin və dostluğun təbliği baxımından əlamətdar olub.
Yarışın final mərhələsində Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, rayonun təhsil ictimaiyyətinin nümayəndələri və şahmat həvəskarları iştirak edibər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təhsilə, gənclərə və intellektual inkişaf sahəsinə verdiyi önəm bu gün də ölkəmizdə uğurla davam etdirilir. Müəllimlərin belə yarışlarda fəal iştirakı onların həm peşəkar, həm də mənəvi potensialının göstəricisidir.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxışında bu cür tədbirlərin rayonun ictimai həyatında mühüm rol oynadığını vurğulayaraq qeyd edib ki, müəllimlər yalnız təhsil verməklə kifayətlənmir, eyni zamanda cəmiyyətin mənəvi dayağı kimi də nümunə göstərirlər.
Əziz Məsməliyev yarışın əhəmiyyətindən danışaraq şahmatın insanın düşüncə tərzinin formalaşmasında, səbrin, məntiqin və strateji düşüncənin inkişafında xüsusi rol oynadığını bildirib. Ləman Cəlilova isə çıxışında Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı və bu cür tədbirlərin həmin irsin yaşadılmasına xidmət etdiyini qeyd edib.
Rəsmi hissədən sonra yarışa start verilib. Ağstafa rayonunun müxtəlif təhsil müəssisələrində çalışan müəllimlər arasında keçirilən final mərhələsi olduqca maraqlı, gərgin və yüksək rəqabət şəraitində keçib. Oyunların gedişatı kənardan böyük maraqla izlənilib.
Gərgin mübarizə şəraitində keçən yarışın yekununda birinci yeri Əli Əliyev, ikinci yeri Vəli Abduyev və üçüncü yeri Süleyman Namazov özləri üçün təmin ediblər. Qaliblərə fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim edilib. Həm iştirakçıların motivasiyasının artırılması, həm də gələcək yarışlara marağın daha da gücləndirilməsi məqsədi ilə yarışda fəallığı və bacarığı ilə seçilən daha beş nəfər iştirakçı həvəsləndirici sertifikatlarla təltif olunublar.






