Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Müstəqil və müasir Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut elan edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Seymur Orucov bildirib ki, 3 oktyabr 1993-cü il tarixində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qalib Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməsi, möhkəm ictimai-siyasi sabitlik, dayanıqlı iqtisadi inkişaf, bir sözlə hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Mövzuya dair geniş məruzələrlə çıxış edən natiqlər - Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa şəhər 3 saylı tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz Regional Filialının Ağstafa rayon qəbul şöbəsinin müdiri Asif Qəmbərov, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən geniş söz açıblar.