Vətən Müharibəsi Qəhrəmanı şəhid Azər Yusiflinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Ağstafa rayon birinciliyi keçirilib
Vətən Müharibəsi Qəhrəmanının təhsil aldığı və xatirəsinə əbədiləşdirilən Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəbin idman zalında təşkil olunan idman tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, Vətən Müharibəsi Qəhrəmanının atası Nazim Yusifov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Açılış mərasimində Qəhrəman şəhidin atası Nazim Yusifov çıxış edərək xalqımızın ən böyük qürur mənbəyi olan şəhidlrərimzin xatirəsinə həsr olunan bu cür silsilə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, eyni zamanda ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıb.
82 nəfər yeniyetmə və gənc güləşçinin qüvvəsini sınadığı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda yüksək yerləri təmin edən idmançılar Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Ağstafa Təhsil Sektorunun müvafiq diplom və medalları ilə təltif olunublar.
Yarış günündə Ağgöl kənd qəbirstanlığında Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin, eləcə də həmin qəbirstanlıqda dəfn olunan digər Vətən oğullarımız, Birinci Qarabağ müharibəsi şəhidi Vəliyev Səhrəddin Qara oğlu və Vətən Müharibəsi şəhidi Muradov Seyfəddin Mahmud oğlunun məzarları ziyarət olunaraq üstünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.