"Xalq qəzeti" - Şəhid ailələri, Yeni iliniz mübarək!
Sizin verdiyiniz qurbanlar ölkəmizə əmin-amanlıq gətirib
Qırılı kəndi Ağstafa rayonunun ən böyük kəndlərindən biridir. Hazırda bu kəndin əhalisinin sayı 4 min 668 nəfərdir. Bir sıra mühüm neft və qaz kəmərləri kəndin ərazisindən keçərək dünya bazarına yol alır. Kənd öz tarixi şəxsiyyətləri, görkəmli nümayəndələri ilə daim fəxr edib.
Son illər, xüsusilə, Birinci və İkinci Qarabağ müharibələrindən sonra bu adların sırasına kəndin şəhidlərinin də adı yazılıb və hazırda onların sayı 12 nəfərə çatıb. Kənddə kimdən soruşsan, onların hər birinin adını, keçdiyi həyat və döyüş yolunu əzbər söyləyər. “Onlar bizim şərəf və ləyaqətimiz, qürur mənbəyimizdir”, – deyirlər. Sirac Əliyev, Nəriman Həsənov, Vüsal Rzayev, Xəyyad Abbasov, Bakir Abbasov… Daha sonra Vətən müharibəsində Elvin İmaməliyev, Əliheydər Hüseynli, Emin Əmrahov, Təbriz Quliyev, Elgün Abdullayev, Rəhman Musayev və ən nəhayət, Xankəndinin terrorçulardan azad olunmasında qəhrəmancasına həlak olan Samir Sadıqov.
Samirin atası Cəbrayıl Sadıqovun evinə gəlmişik. Geniş həyəti və bir neçə otaqdan ibarət evi var. Cəmi 3 ay qabaq şəhidlik zirvəsinə yüksələn oğlunun adını çəkəndə səsi titrəyir və qeyri-ixtiyarı əlini tez-tez onun ölüm xəbərindən sonra bir dəfə də qırxmadığı, tük basmış üzünə çəkir.
– Çox vətənpərvər uşaq idi, – deyir. – Tovuzda iyul hadisələri zamanı general Polad Həşimov və digərləri həlak olandan sonra evdə təsadüfən musiqi səsi eşidəndə əsəbiləşirdi, əməlli-başlı dava salırdı. Heç kimin xəbəri yox idi, bir də eşitdik ki, səsi Füzulidən, Cəbrayıldan gəlir, Vətən müharibəsində iştirak edir. Könüllü getdiyi 44 günlük müharibədən sağ-salamat evə qayıtdı və təbii ki, çox sevindik. Özü də sevinirdi, torpaqlarımızın azad olunmasında iştirakı onu qürurlandırırdı. Bir müddət sonra dedi ki, hərbçi olmaq istəyirəm.Təkidlə bizi də razı saldı və müddətdən artıq xidmətdə işə düzəldi. Yenicə toyunu eləmişdik. Ata olmağa hazırlaşırdı. Amma övladını görmək ona nəsib olmadı. Daxili qoşunlarda xidmət göstərən Samirin antiterror tədbirlərində iştirakı zamanı qəhrəmancasına həlak olduğu xəbərini aldıq…
Sözlərinin ardını deyə bilmir. Bir qədər susduqdan sonra rayon icra hakimiyyətinin onun ailəsinə göstərdiyi diqqəti qeyd etməklə yanaşı, kənddəki bulaqlardan birinin oğlunun adına verilməsini xahiş edir.
Bizə bələdçilik edən kənd icra nümayəndəsinin müavini söhbətə müdaxilə edir:
– Rayon icra hakimiyyəti Samirin dəfninin təşkilində, qəbirüstü abidəsinin düzəldilməsində, hətta bu evə gələn yolun təmir olunmasında nə lazımdırsa edib. Şəhid övladının adına bulaq çəkilməsi isə təzə söhbətdir. Güman edirəm ki, yaxın günlərdə atanın bu arzusu da həyata keçər.
Qırılı kəndinə başqa bir şəhidin, hamının “Düşmənə dərs keçən şəhid müəllim” adlandırdığı, əlindəki qələmini silaha dəyişən məktəb direktoru Elvin İmaməliyevin də ata evinə gəlirik. Elvin müəllim 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatılıb və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınıb. Bundan başqa, YAP Gənclər Birliyi Ağstafa Rayon Təşkilatının sədri olub. Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov bu vəzifəyə təyin olunmamışdan əvvəl YAP Gənclər Birliyi respublika təşkilatının sədri, Elvin İmaməliyev isə rayon təşkilatının sədri olub, yəni bir-birini yaxşı tanıyıblar. Elvin haqqında söz düşəndə S.Orucovun bir cümləsi onun kimliyini gözlərim önündə canlandırdı: “Olduqca intizamlı, məsuliyyətli, Vətənini sevən oğlan idi...”
Şəhidin atası Elsevər İmaməliyev təkidlə bizi evə dəvət edir, qolumuzdan yapışıb, “bir stəkan çayımızı için” deyir. Elvinin döyüşlərə könüllü getdiyini, Şuşa şəhərində şəhidlik zirvəsinə ucaldığını bildirir. Şəhidin həyat yoldaşı Əsmər İmaməliyeva söhbətə qoşulur:
– O, Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəli olub, iki oğul övladı Vətənə əmanətdir. Uşaqlarımı onun adına layiq böyütməyə çalışıram. Elvin hər zaman şagirdlərinə vətənpərvərlik hissi aşılayırdı. Evdə iki balasına bayrağı, Vətəni sevdirirdi. İndi uşaqlar bayrağımızı görəndə deyirlər ki, atamızın bayrağıdır.
Elvin İmaməliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidin atası əlavə edir:
– Bu yaxınlarda məni Bakıya çağırmışdılar. İkiotaqlı mənzilin açarını verdilər. Dedilər ki, “Jurnalistlərin binası” deyilən ərazidə yenicə inşa olunan 3-cü binadan Elvinin ailəsi üçün mənzil ayırıblar. Düzü, çox sevindim.
Ardınca Elsevər kişi ölkə Prezidentindən, yerli icra strukturlarından hədsiz razılıq edir. Deyir, hətta adi bir sözə, xahişə dərhal reaksiya verirlər, işin həll olunduğunu bildirirlər. Elvinin direktoru olduğu məktəbin önündə böyük abidə kompleksi ucaldılıb. Sağ olsunlar, açılışında bütün rayon ictimaiyyəti iştirak etdi.
Qeyd edək ki, Elsevər İmaməliyevin məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işinə düzəlməsinə də rayon rəhbərliyi yaxından kömək göstərib.
– Yeganə arzum işlədiyi məktəbə oğlum Elvinin adının verilməsidir. Bilirəm, bu, elə-belə olmur, Nazirlər Kabineti səviyyəsində həll edilir. Hər halda, ata kimi istəyimi bildirirəm. Həyata keçsə, elə bilərəm Elvinim sağdır və yenə həmin məktəbə gedib-gəlir...
Poylu kəndində, Vurğun qəsəbəsində də şəhid atalarının necə qürurlu olduqlarınu gördük. Söhbətlərində yalnız övladlarının Vətən yolunda, torpaq uğrunda canlarından keçdiklərini dilə gətirdilər. Şəhidlər Vasif Nəzərlinin, Xəyal Əlizadənin, Amil Tanrıverdiyevin, Məhəmmədəli Ələkbərovun və başqalarının qəhrəmanlıq salnaməsi gözlərimiz önündə canlandı.
Poyluda olarkən icra nümayəndəsi Elçin Aslanov söhbət zamanı bildirdi ki, inanmıram, hansısa bir şəhid ailəsi icra orqanlarından narazı qalsın. Nə istəkləri var, dərhal reaksiya veririk, kömək etməyə çalışırıq. Nəyə də gücümüz çatmır, rayon icra hakimiyyətinə müraciət edirik. Şəhid valideynləri övladlarını Vətənə qurban veriblər, bizim də borcumuz onların bütün qayğılarını həll etməkdir.
H.ZEYNALOĞLU,
XQ-nin bölgə müxbiri
Ağstafa rayonu