"Xalq" qəzeti: Şəhidlər torpağa tapşırıldı
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat nəticəsində şəhid olmuş hərbçilərimiz Elşad Həsənov, Vidadi Zalov və Səbuhi Tağıyev dünən son mənzilə yola salınıblar.
Məlum olduğu kimi, erməni hərbi birləşmələri srağagün saat 16:20 radələrində Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə atəşə tutublar. Təxribatın qarşısı qətiyyətlə alınıb, düşmənin atəş mövqeləri susdurulub və adekvat cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Təəssüf ki, qarşı tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun adları çəkilən üç hərbi qulluqçusu şəhid olub. Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib ki, sərhəddə baş vermiş insident Ermənistanın məqsədyönlü təxribatıdır.
Ağstafa şəhər Şəhidlər xiyabanında bu rayonun sakini, 1994-cü il təvəllüdlü şəhid Elşad Həsənovun izdihamlı keçən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.
Şəhid Vidadi Zalov Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında izdihamla dəfn olunub. Mərasimdə şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şahbuz rayonundan olan Səbuhi Tağıyevin nəşi isə Naxçıvana aparılıb və oradakı Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib. O, Badamlı qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Müdafiə Nəzirliyinin rəhbərliyi şəhid hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verib. Dəfn mərasimlərində şəhidlərin əziz ruhlarına dualar oxunub.
Allah rəhmət eləsin!
Ə.ƏLİYEV,
H.QASIMOV,
S.HƏSƏNOV,
“Xalq qəzeti”