Ağstafalı şair Saqif Qaratorpağın 60 illiyi Ağstafa Mədəniyyət Mərkəzində geniş yubiley tədbiri ilə qeyd olunub
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Saqif Qaratorpaq və sənət dostları, rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən RİH başçısı Seymur Orucov yubilyarın qədim milli mədəniyyətimizin vacib ünsürlərindən olan şeir sənətinə verdiyi tövhələrdən, rayonun ictimai, mədəni həyatında göstərdiyi yüksək xidmətlərdən geniş söz açıb. Seymur Orucov Saqif Qaratorpağın 60 illik yubileyi münasibəti ilə təbrik edərək onu, Ağstafanın ictimai-siyasi həyatında fərqləndiyinə görə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib. Saqif Qaratorpaq isə öz növbəsində ölkəmizin günü-gündən çiçəklənməsinə və xalqımızın firəvanlığı, əminəmanlığı naminə misilsiz xidmətlərinə görə ağstafalı ağsaqqallar, ziyalılar və mədəniyyət işçiləri adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Daha sonra Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, Bakı Slavyan Universitetinin professoru, Ədəbiyyatşünas Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İnqilab İsaq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin Əsəd, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər birliyinin üzvü, Hüseyn Arif ədəbi məclisinin sədr müavini Aydın İbrahimoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Mübariz Qaragözlü Saqif Qaratorpağın həyat yolundan bəhs edərək onun, Ağstafa rayon Köçəsgər kənd 1 nömrəli tam orta məktəbində müəllim işlədiyini, Ağstafada fəaliyyət göstərən Hüseyn Arif Ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar birliyinin üzvü, Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi olduğunu, şeirlərinin rus, özbək, türk, qazax dillərinə tərcümə olunduğunu, onun çağdaş ədəbiyyatımızda özünə məxsus dəst-xətti fərqli üslubu olan dəyərli qələm sahibi olduğunu bildirmişlər Tədbirin sonunda yerli incəsənət ustlarının təqdimatında musiqi nömrələri və saz havaları təqdim olundu. Şairin “Şamın kölgəsi”, “Bir könül varağında”, “Üç addım”, “Bəlkə belə yaxşıdı”, “6 saatlıq sükut” şeirlər kitablarından müxtəlif şeirləri səsləndirildi.