Xalq yazıçısı İsa Muğannanın 95 illik yubileyi münasibəti ilə Ağstafada tədbir keçirilib
Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan tədbirdə RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, rayonun məsul şəxsləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Xalq yazıçısı haqqında videoreportaj nümayiş etdirlib.
Sonra əməkdar incəsənət xadimi Barat Vüsal, Ağstafa Hüseyn Arif ədəbi məclisinin rəhbəri Saqif Qaratorpaq, xalq artisti Tariyel Qasımov, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əli Cəfəroğlu, Qurban Həmidoğlu, yaxın qohumu Sadıx Sadıxov çıxış edərək Xalq yazıçısının həyat və yaradıcılığından geniş bəhs ediblər. Qeyd olunub ki, 1928-ci ildə Ağstafanın Muğanlı kəndində dünyaya göz açan və müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub. Onun Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib.
Gənc şair Rüfət Axundlu İsa Muğannanın Ümummilli Lider Heydər Əliyevə, mədəniyyət işçisi Səadət Nağıyeva Xalq şairi Zəlimxan Yaqubun İsa Muğannaya həsr etdikləri şeirləri səsləndiriblər. İncəsənət nümayəndələrinin ifaları da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.