Xətai kəndindən olan şəhidimiz Elşad Həsənovun ailəsi ziyarət olunub.
Ağstafanın Xətai kəndindən olan şəhidimiz Elşad Həsənovun şəhidlik zirvəsinə ucalmasının yeddinci günündə ailəsi ziyarət olunub. Ziyarətdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Vətən oğlunun keçdiyi şərəfli ömür yolundan söz açaraq bildiriblər ki, Elşad hər zaman doğma yurduna məhəbbəti, müqəddəs torpaqlarımıza bağlılığı ilə, mərdliyi ilə seçilib. Məhs bu xüsusiyyətlər onu Azərbaycan Ordusu sıralarında Vətəninə qürurla, əsil qəhrəman kimi xidmət etməyə vadar etdi. O, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Qeyd olunub ki, Elşad Həsənov da şəhidlik zirvəsini fəth edərək digər Vətən oğullarımız kimi hər bir azərbaycanlının ən böyük qürur mənbəyinə çevrildi və O, qəlblərdə daim yaşayacaqdır. Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunacaqlar. Eyni zamanda şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq nümunəsindən bəhs olunaraq bildirilib ki, 11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən növbəti təxribatın qarşısı qəhrəman hərbçilərimizin sayıqlığı nəticəsində bu dəfə də qətiyyətlə alınıb, ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib. Şəhidlərimizin intiqamı layiqincə alınıb.
Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla anılıb.
Allah şəhidərimizə rəhmət eləsin!