YENİ MƏKTƏB TİKİNTİLƏRİ DAVAM ETDİRİLİR
Respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da yeni təhsil ocaqlarının inşa olunması və ya əsaslı təmir işləri davam etdirilir. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə sektorunun müdiri Mədəd Zeynalov bildirdi ki, rayonda köhnə, yararsız məktəb binalarının yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikilib istifadəyə verilməsi tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Bunun nəticəsidir ki, son illərdə ali məktəbə qəbul olunanların sayında artım müşahidə olunur.
Cari dərs ili ərzində Heydər Əliyev Fondu tərəfindən Ağstafa rayonunun Vurğun qəsəbə tam orta məktəbi üçün yeni məktəb binasının, Köçvəlili kənd tam orta məktəbi üçün isə modul tipli məktəb binasının tikintisi işləri davam etdirilir.
"20 Yanvar" şəhidi Habil Əzizovun adını daşıyan Vurğun qəsəbə tam orta məktəbinin köhnə binası 1972-ci ildə tikilmişdir. Yeni məktəb binası 3 mərtəbədən ibarət olmaqla 420 şagird yerlikdir. Məktəb binası bütün avadanlıq və inventarlarla təchiz olunaraq şagirdlərin təlim-tərbiyəsi daha yüksək səviyyədə təşkil olunacaqdır.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rafiq Alıcanovun adını daşıyan Köçvəlili kənd tam orta məktəbi 3 binadan ibarətdir. İki bina 1959-cu ildə, biri isə 1990-cı ildə tikilmişdir. Modul tipli yeni məktəb binası isə 132 şagird yerlik olmaqla 11 sinif otağı, direktor otağı, müəllimlər otağı və kitabxanadan ibarətdir.
2019-cu ildə Nazirlik tərəfindən Ağstafa rayonunda 624 yerlik Muğanlı kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur. 2021-ci ildə isə Heydər Əliyev Fondu tərəfindən 420 yerlik Həsənsu və Sadıqlı kənd tam orta məktəbləri üçün yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir.
Vəli VƏLİYEV,
"Respublika".
https://respublika-news.az/news/yeni-mekteb-tikintileri-davam-etdirilir