Şriftin ölçüsü :

Saytın rəngi :

Ziyarətçiləri "Keşikçidağ"da keçmişə səyahət gözləyir

21 may 2022 | 11:42

Ağstafa Azərbaycanın qədim, coğrafi mövqeyinə görə strateji, təbiətinə görə isə zəngin bölgələrindən biridir. Bunu rayonun ərazisində yerləşən saysız-hesabsız yeraltı və yerüstü maddi-mədəniyyət nümunələri, qədim yaşayış məskənləri, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü abidələr, at-qoç heykəlləri, məbəd, məscid, pir, ziyarətgah və ocaqlar da təsdiq edir.

Belə sirli, dərin araşdırmaya ehtiyac duyulan yaşayış məskənlərindən biri də rayonun ərazisində yerləşən "Keşikçidağ" mağaralar kompleksidir. Özünəməxsus əzəmətli görünüşü ilə insanları valeh edən, qədim yurdun daş kitabəsi hesab edilən "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa şəhərindən 50 kilometr məsafədə yerləşir. Kompleks Böyük-Kəsik kəndindən 28 kilometr şimal istiqamətində, sərhəd zolağı boyunca 25 kilometrədək uzanır.

"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində 70 mağara, 2 məbəd, bir qala, bir inanc yeri, 100-ə yaxın kurqan tipli qəbir, 23 su quyusu, 14 ərzaq anbarı, 30-a yaxın sığınacaq vardır. Dövlət başçısı İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri Prezidentin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılmışdır.

Ərazinin qoruq elan edilməsi buradakı qədim daş kitabələrin, əcdadlarımızın bizə miras qoyduğu abidələrin öyrənilməsinə geniş yol açmışdır. İlk olaraq qoruğun təbliğat işlərinə başlanılmışdır. 3 dildə sayt yaradılmış, "Yaddaş" studiyasının təşkilatçılığı ilə "Qədim yurdun daş kitabəsi" adlı bədii sənədli film hazırlanmışdır. Qoruq ərazisinin abadlaşdırılması və təbii landşaftın qorunub saxlanılmasına qoruq əməkdaşlarının diqqəti daha da artmışdır.

Qoruğa çəkilən yeni avtomobil yolu isə rayonda turizmin inkişafı üçün əlavə  imkanlar açmışdır. Ağstafa Rayon İcra Hakimiyyətində də dedilər ki, tarixi abidələrlə zəngin, olduqca maraqlı bir məkan olan bu qoruğa çəkilən 36 kilometrlik rahat yol turistlərin bu bölgəyə axınına səbəb olacaqdır. Turistlərin marağına səbəb olacaq həm də qoruqdakı ilkin Orta əsrlərə aid 70-dək təbii və süni mağaradır. Bundan başqa, bir-birindən 1500 metr aralıda iki alban məbədi, müdafiə məqsədilə tikilmiş 11 metr hündürlüyündə üçmərtəbəli qala da maraq doğuran qədim tikililərdir.

Ərazidə aparılan qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri restavrasiya edilərək qoruğun fonduna daxil edilmişdir. Qoruq ərazisində yaşamış ulu əcdadlarımızın əmək alətlərinin eskizlərindən ibarət "Keşikçidağ dünəndən bu günə" adlı layihə də icra olunur. Layihə çərçivəsində qədim dövrə aid ox ucluqları, çaxmaqdaşı, əmək alətləri sərgilənir. Amma bu da hamısı deyil. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti tərəfindən bir çox layihənin reallaşdırılması planlaşdırılır. Bu il tədqiqat işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici arxeoloqlar da cəlb ediləcəklər ki, bunun da əsas məqsədi xarici turistləri "Keşikçidağ" mağaralar kompleksinə cəlb etməkdir.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Keçidlər