Salyayev Aqil Anar oğlu
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Aqil Salyayevdir. Aqil 1996-ci ildə Ağstafa rayonunun Qarayazı kəndində anadan olub. Sumqayıtdakı 18 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Əsgərliyi Horadiz istiqamətindəki Dövlət Sərhəd Xidmətində keçib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün müraciət edib. 2018-ci ilin oktyabrın 24-də Lələtəpə yüksəkliyində post komandiri kimi xidmətə başlayıb.
Kiçik çavuş Aqil Salyayev ötən ilin sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarında fəal iştirak edib. Füzuli, Xocavənd istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 26-da Füzulinin Veysəlli kəndində gedən qızğın döyüşlərdə şəhidlik zirvəsini fəth edib.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid anası Xədicə Salyayeva Azvision.az-a müsahibəsində oğlunun igidliklərindən danışıb:
“Bir ana olaraq mənim üçün çox çətindir. Evimin tək oğlu idi. Vətən sağ olsun, oğlum Vətən yolunda şəhid oldu. Onunla bağlı xatirələri danışdıqca kövrəlirəm. Şəkillərinə baxıb, onunla söhbət edirəm.
Aqilim qorxmaz, vətənpərvər, igid, qəhrəman oğlan idi. O, qəhrəmancasına şəhid oldu. Son nəfəsinə qədər öz döyüş yoldaşlarını, əsgərlərini meydanda tək qoymadı. Yaralı olsa belə döyüşə davam etdi. Bunu mənə onun döyüş yoldaşları danışıb. Deyiblər ki, “sən də sanitar maşınına gəl, gedək yarana baxılsın”. Lakin imtina edib ki, əsgərləri döyüşdədir, onları tək qoya bilməz. Onların yanına gedib.
Biz işimizlə əlaqədar mütəmadi Rusiyaya gedirik. Aqil sonuncu dəfə pandemiyadan öncə martda evə gəlmişdi. Onu axırıncı dəfə onda görmüşdüm, amma davamlı olaraq telefonla danışırdıq.
Müharibə başlayanda çox sevinirdi. Biz ona özünü qorumasını deyəndə əsəbiləşirdi. Deyirdi, “o sözü mənə deməyin”. Müharibədən öncə danışanda bildirdi ki, “Ana, deyəsən ermənilər nəsə hücum edəcək, müharibə olacaq”. Dedim “oğul yəqin başlamaz”. Dedi ki, “ana niyə? O sözü demə. Çünki sənin canın yanmayıb. Canın yansaydı, o sözü deməzdin. Oğulları erməni gülləsindən şəhid olan analar övladlarının qanının yerdə qalmaması üçün müharibənin başlamasını istəyər”. Özü də Sumqayıta şəhid gətirmişdi, ananın fəryadı yadından çıxmırdı".
Şəhidin anası sözlərinə əlavə edərək deyib: "Aqilin evdə 12 illik bayrağı var, balacalıqdan 11-ci sinfə qədər onun üstündə idi. O bayrağı heç vaxt yanından ayırmazdı. Rusiyada bir dəfə bayraq üstündə uşağı da döymüşdü. Əsgərliyə getməmişdən əvvəl bayrağı mənə verdi və yanvarda məzuniyyətə gələnə qədər onu istəmədi. Məzuniyyəti bitdi, çantasını yığırdım, bayrağı soruşdu. Bayrağı əlinə alıb öpdü, məni yanında oturtdu. Dedi ki, “Ana, bayrağı özünlə Rusiyaya apar, sənə orada lazım olacaq”. Mən də bayrağı çantama qoydum. Aqil şəhid olan günü biz quru sərhədini keçmək istəyirdik. Lakin hələ onun şəhid xəbəri gəlməmişdi. Orada şəhidlik xəbərini eşidəndə bayraq yadıma düşdü, çantadan çıxardım. Deməli, oğlum bilirmiş ki, şəhid olacaq. Orada oğlumun bayrağını qucaqlayıb ağladım. Sərhədçilərimiz sağ olsun, bizə kömək etdilər, 3 saat ərzində sərhədi keçdik”.
X.Salyayevanın sözlərinə görə, Aqil uşaqlıqdan idmanla məşğul olub. O, hər zaman hərbçi olmağı arzulayırmış:
“9-cu sinifdə oxuyanda sənədlərini Sərhəd Qoşunlarının Akademiyasına vermişdi, lakin qəbul ola bilmədi. Əsgərliyini bitirəndən sonra yenidən hərbiyə qayıtdı və xidmət etdi. Oğlum çox dostcanlı idi, dostuna, qardaş dediyi insana görə özünü təhlükəyə atardı, dəlisov uşaq idi. Həmişə onun yanındakılara dua edirdim ki, heç nə olmasın. Çünki onlar sağ qalsa, Aqil də sağ qalar. Dostları, əsgərləri onun həssas yeri idi. Oğlumun 3 əsgəri özü ilə birlikdə şəhid oldu, 2 əsgər salamatdır.
Oktyabrın 23-ü Aqilin ad günü idi. Həmin gün kəndləri azad etdiyinə görə sevinirdi. Onun şəhid olacağına heç kim inanmırdı. Döyüş yoldaşlarının bildirdiyinə görə, “qolundan və ayağından yaralanmışdı. Nə qədər etsək də bizimlə gəlmədi. Dedi ki, “siz gedin, mənim əsgərlərim döyüş meydanında qalıb. Həvəslə yuxarı qalxdı yenidən”. Yuxarıda bir də yaralanıb. Əsgəri danışır ki, komandirimizi gördük ki, yenidən yaralanıb, onu xərəyə mindirib aparmaq istəyiblər. Lakin xərəkdən düşüb gedib. Onu təzədən mindirmək istəsələr də alınmayıb. Sonda onu zorla saxlayıblar. Amma oğlumun necə şəhid olmağını tam bilmirik. Çünki hələ bizə tam məlumatlar gəlməyib. Biz də axtarırıq ki, Aqili son dəfə kimlər görüb, onlarla danışaq. İndi əsgərlərini gözləyirəm ki, nə zaman təxris olunub gələcəklər”.
Şəhid anası xatırladıb ki, Aqil Aprel döyüşlərinin də iştirakçısı olub. "O zaman döyüşlərdə şəhid olmadığı üçün heyfslənirdi. Hər dəfə danışanda deyirdi ki, "ana, mən cavan öləcəyəm, özü də şəhid olacağam".
Aqilin döyüş yoldaşları deyirdi ki, bir əfsanə gəlib getdi. Müharibə vaxtı çəkdiyi videoda deyir ki, “döyüş əsl kişilər üçündür, nadanlar üçün deyil”. O, hərbidə pula görə yox, bu sahəni sevdiyi üçün, əsgərləri üçün işləyirdi.
Döyüşlərindən öncə tez-tez bizimlə danışardı. O qədər enerji verirdi, ruh yüksəkliyi ilə danışırdı. Deyirdi ki, son nəfəsinə qədər zəng edib bizimlə danışacaq, ailəmizi narahat qoymayacaq.
Bizi o qədər rahat etmişdi ki, onun müharibədə olduğunu tam dərk edə bilmirdik. Müharibəni elə deyirdi ki, sanki küçədə iki uşaq dalaşır. Biz müharibəni sosial şəbəkələrdə gələn şəhid xəbərlərindən duyurduq.
Şəhid olmamışdan qabaq bizə yazmışdı ki, "başınızı dik tutun, heç vaxt əyilməyin. Oğlunuzla daim fəxr edin". Aqilim Vətən yolunda canından keçdi. Onunla fəxr edirəm”.