Şriftin ölçüsü :

Saytın rəngi :

Litvalı qonaqlar Ağstafaya səfər etdilər

14 noyabr 2017 | 11:00

14 noyabr 2017-ci il tarixdə Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Ağstafa rayonu ilə tanışlıq proqramı çərçivəsində Ağstafaya  səfər etmişlər. Nümayəndə heyətinin rəhbəri Birştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieni, Dovole Adamonite- Birştonas Şurasının katibi, Roma Jentyavlen-Birştonas Bələdiyyə Şurasının üzvü, Daryus Şyaşkviçyus- Birştonas Bələdiyyə Şurasının üzvü, Uovita Tirvene-Strateji planlaşdırma və İnvestisiya şöbəsinin rəisi və Alvidas Urbanoviçyus-  Birştonas Gimnaziyasının  direktoru müşayiət etmişlər.
Rəsmi qonaqları Ağstafa rayon İcra hakimiyyətində rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rəhbərlik etdiyi yerli nümayəndə heyəti qarşıladı. Çay süfrəsi ətrafında keçən səmimi söhbət əsnasında İcra başçısı qonaqlara Ağstafanın tarixi, coğrafiyası, sosial-iqtisadi, ictimai-mədəni həyatı barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Ağstafa rayonu xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında günü-gündən çiçəklənən, dünyada mövqeyini möhkəmləndirən müasir Azərbaycanın ən gözəl və inkişaf etmiş rayonlarından birinə çevrilməkdədir. Ağstafa rayonu artıq bir sənaye zonası hesab edilir. Belə ki, dövlət başçısının müvafiq tapşırıqları ilə burada yeni-yeni istehsal, sənaye və emal müəssisələri yaradılmış, eyni zamanda rayonun yol nəqliyyat infrastrukturu kompleks şəkildə tamamilə yenidən qurulmuş, yeni-yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları inşa olunmuşdur. Rayonun çiçəklənməsi və əhalinin sosial rifah halının  yüksəldilməsi istiqamətində  bu istiqamətdə hazırda tədbirlər uğurla icra olunur. Öz növbəsində Briştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçeneni ilk növbədə onları isti və yüksək səviyyədə qarşılanmalarına görə minnətdarlığını ifadə etdi. Briştonas şəhəri haqqında geniş məlumat verdi. Rəsmi qonaq qeyd etdi ki, turizm şəhəri olan Briştonas özünün müalicəvi mineral suları, sağlamlıq mərkəzləri, sanatoriyaları, təbiəti və meşə sahələri ilə  məşhurdur. Orada həmçinin beynəlxalq musiqi festivalları və incəsənət sərgiləri də təşkil olunur. Əminəm ki, səfərlərimiz həm sizin rayonunuza və həm də bizim şəhərimiz üçün uğurlu olacaqdır. Sonra İcra başçısı Bələdiyyə merinə və  milli xalçamızı, qədim musiqi alətimiz olan sazımızı və nümayəndə heyətinin hər bir üzvünə milli-mənəvi dəyərlərimizi xarakterizə edən müxtəlif hədiyyələri təqdim etdi. Tədbirin rəsmi hissəsi başa çatdıqdan  sonra  səfərin proqramına uyğun olaraq Ağstafaya geniş ekskursiya olundu.  Açıq səma altında inşa olunmuş ölkəmizin tarixini və coğrafiyasını əyani şəkildə təsvir  edən mini “Azərbaycan” parkına gəzinti təşkil olundu. Sonra tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzdülər. Daha sonra  Heydər Əliyev Mərkəzində, “Saloğlu” mebel fabrikində, Ağstafa şəhər Musiqi Mərkəzində, “Azərxalça” ASC-nin Ağstafa rayon filialında,  rayon Mədəniyyət Mərkəzində, Səməd Vurğun parkında, “Yazıçılar Evi”ndə, Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasında, “Akkord” tekstil fabrikində, “Ağstafa Aqroservis” MMC-də və “Karvan-L” EKO sənaye parkında olaraq həmin obyektlərlə  yaxından tanış oldular. Musiqi Mərkəzində təqdim olunan milli musiqilərimizdən ibarət konsert proqramı, Heydər Əliyev Mərkəzinin rəqs zalında milli rəqslərimiz, “Yazıçılar” evində yerli aşıqların saz musiqiləri də qonaqlara xoş əhval-ruhiyyə bəxş etdi. Həmçinin olduqları müəssisələrdə müvafiq hədiyyələr və kataloqlarda hədiyyə olundu. Çoxlu sayda xatirə şəkilləri çəkdirildi. Sonda  İcra başçısı cənab Məhərrəm Quliyev bir daha Litvalı qonaqların Ağstafaya səfər etmələrindən məmnunluğunu ifadə etdi, iki tərəfli əməkdaşlıq Ağstafa və Briştonasın sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynayacağını bildirdi. Briştonasın meri Niyole Dirqinçiene Ağstafaya səfər onlarda çox böyük təsuratlar, xoş əhval-ruhiyyə bağışlamaqla yanaşı gözəl təcrübə olduğunu bildirdi. Ağstafalı nümayəndə heyətini səbirsizliklə Litvada gözlədiklərini qeyd etdi. Səfər işgüzar şəraitdə keçdi.

 

Keçidlər