Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın mədəniyyət və istirahət parklarında təmir-bərpa işləri aparılır

26 may 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayonda reallaşdırılan sosial infrastruktur layihələr çərçivəsində əhalinin asudə vaxtlarının daha səmərəli təşkili və maksimum rahat istirahət etmələri üçün müasir tələblərə cavab verən yeni parklar salınmış, eləcə də mövcud istirahət və mədəniyyət parkları əsaslı şəkildə yenidən qurularaq ağstafalıların istifadəsinə verilmişdir. Rayonda fəaliyyət göstərən bütün parkların saxlanılması və qorunması üçün müvafiq tədbirlər icra olunur. Hazırda Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, eləcə də ölkəmizin xəritəsi üzərində təsvir olunmuş tariximizi və coğrafiyamızı özündə əks etdirən Miniatür Azərbaycan parkında təmir-bərpa işləri həyata keçirilir. Heydər Əliyev adına parkda fontanlar rekonstruksiya edilir. Xüsusi sualtı işıqlandırma sistemi ilə effekt veriləcək rəngarəng təbii qaya daşları fontanları estetik baxımdan daha maraqlı edəcəkdir. Fontanların su axını da yerləşdirilmiş qaya daşlarına uyğun tənzimlənməsi sakinlərdə bir növ təbii şəlalə təəsüratı yaradacaqdır. Bu istiqamətdə Miniatür Azərbaycan  parkında da aparılan işlər çərçivəsində parka xüsusi gözəllik verən Xəzər dənizi fonunu əks etdirən banerlər yenisi ilə əvəz olunur. Həmçinin parkda yerləşən miniatür tarixi abidələr restavrasiya edilir.
Yaxın günlərdə parklarda aparılan işlər yekunlaşdırılacaqdır.

Keçidlər