Şriftin ölçüsü :

Saytın rəngi :

Məhərrəm Quliyev:cənab Prezident İlham Əliyev cəbhə bölgəsində yaşayanlara daim yüksək diqqət və qayğı göstərir

03 sentyabr 2018 | 11:00


Ağstafanın Tatlı kəndinin düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq burada həyat öz axarı ilə davam edir. Adamlar əkinlə-biçinlə məşğul olur, məhsul yetişdirir, mal-qara saxlayır,təsərrüfatın digər sahələrindən bəhrələnirlər. Kənddə normal həyat üçün hər bir şərait var. Rayonun cəbhə bölgəsində yerləşən bütün kəndlərinə, o cümlədən Tatlıya gedən avtomobil yolunun tamamilə yenidən qurulması və yeni körpülərin salınması, ən müasir tələblərə cavab verən yeni tam orta məktəb binalarının, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi, fasiləsiz elektrik enerjisi, təbii qaz verilişi ilə təminat kənd sakinlərinin rahat yaşayışını təmin etmişdir.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tatlı kəndində səyyar qəbul keçirərkən bütün bunlar haqqında geniş söhbət getdi. Rayon rəhbəri qeyd etdi ki, bu gün cəbhə bölgəsində, düşmənlə təmas xəttində olan kəndlərdə hər bir şərait var: "Cənab Prezident cəbhə bölgəsində yaşayanlara daim yüksək diqqət və qayğı göstərir".
Ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, sürətli-sosial inkişafından da ətraflı söhbət getdi. Məhərrəm Quliyev dedi ki, bu gün Azərbaycan dövləti, onun ordusu, iqtisadiyyatı çox güclüdür. Bütün bunlar möhtərəm Prezidentimizin titanik fəaliyyəti, prinsipiallığı, nüfuzu sayəsində baş verir.
       Rayon icra hakimiyyətinin başçısı səyyar görüşdə iştirak edən sakinlərin müraciət və təkliflərini də qəbul etdi. Sakinlər suvarma arxlarının betonlanması, kəndin girişində bir ədəd subartezian quyusunun qazılması, təhlükə yaradan iri qovaq ağaclarının kəsilməsi, yeni körpələr evi-uşaq bağçasının tikilməsi kimi məsələləri diqqətə çatdırdılar. 
Rayon rəhbəri qaldırılan bu və digər məsələləri nəzarətinə götürdü, eləcə də onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verdi.
Qeyd edək ki, Məhərrəm Quliyev hansı kənddə, hansı yaşayış sahəsində olursa, orada irəli sürülən təklifləri, problemləri özü nəzarətə götürür və təkrar həmin yerlərə gedərkən əhali qarşısında hesabat verir. Belə iş üsulu dövlətə və dövlətçiliyə, Ölkə Prezidentinə olan inamı və məhəbbəti qat-qat artırır. Elə görüşdə çıxış edən sakinlər də bu fikri dönə-dönə qeyd etdilər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər