Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu biznes layihələrinin tətbiqi üçün iş adamlarının üzünə açıqdır

17 sentyabr 2018 | 11:00

1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılan, 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılan Ağstafa 1990-cı ilin aprel ayından ayrıca rayon statusu almış və onun inkişaf dövrü məhz bundan sonra başlamışdır. İndi rayonda görülən işləri saymaqla qurtarmaz.
Ağstafanın elə bir ərazisi yoxdur ki, orada abadlıq və quruculuq işləri aparılmasın. Kənd və qəsəbələr inkişaf edərək yeni görkəm almış, avtomobil yolları yenilənmiş, məktəb və uşaq bağçaları tikilmiş, park və xiyabanlar salınmışdır. İnfrastrukturun yenilənməsi isə əvvəllər mövcud olan problemlərə demək olar ki, son qoymuşdur. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində böyük layihələr həyata keçirilmiş, yeni müəssisələr, istehsalat sahələri istifadəyə verilmişdir. Sevindirici haldır ki, son illər istehsal olunan bir çox məhsulun xarici bazarlara çıxarılması nəticəsində Ağstafa rayonu respublikanın ixrac potensialında özünə layiqli yer tutmuşdur.
Qeyd etmək lazımdır ki, Ağstafa rayonu biznes layihələrinin tətbiqi üçün hər kəsin üzünə açıqdır. Məhz bunun nəticəsidir ki, son illər rayonda onlarla ən müasir sənaye müəssisəsi yaradılıb. Hazırda "Karvan-L” EKO sənaye parkının "EKO Keramit” dam örtükləri istehsalı zavodunda, eləcə də taxıl və un məmulatları istehsalı kombinatında son tamamlama işləri görülür. 7 istehsal sahəsindən ibarət olan "Saloğlu” mebel istehsalı müəssisəsi isə artıq fəaliyyətə başlamışdır. Burada Almaniya və İtaliyadan gətirilmiş avadanlıqların köməyi ilə dünya standartlarına cavab verən mebellər istehsal olunur. "Akkord Tekstil” MMC-nin istehsal etdiyi köynəklər isə "Made in Azerbaijan” brendi ilə İtaliyada, Fransada və eləcə də Türkiyədə satılır.
Rayonda sənaye ilə kənd təsərrüfatı paralel şəkildə inkişaf etdirilir. Bu gün kənd təsərrüfatında qazanılan uğurlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə rayonda aqrar sahənin inkişafı daha sürətli olacaq. Bunu cari ilin altı ayında qazanılmış uğurlar da təsdiq edir. Təkcə yarım ildə rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,3 faiz artmışdır. Rayon üzrə 10246 hektar sahədə taxıl biçilmişdir. Mövsüm ərzində hər hektardan 25,7 sentner olmaqla 4215 ton arpa, hər hektardan 31 sentner olmaqla 26488 ton buğda istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Ağstafa rayonu üçün ənənəvi təsərrüfat sahələrindən biri də baramaçılıqdır. Dövlət başçısının bu sahənin inkişafına dair verdiyi tapşırıq və tövsiyələri nəzərə alan rayon rəhbərliyinin apardığı məqsədyönlü işlər nəticəsində hər il kümçülər yeni-yeni uğurlara imza atırlar. Belə ki, ilk vaxtlar baramaçılıqla bir neçə nəfər rayon sakini məşğul olurdusa, indi onların sayı 20-yə çatıb. Nəticədə barama istehsalı ildən-ilə artıb. Əgər keçən il 3 min 100 kiloqram barama təhvil verilmişdirsə, bu il 4 min 160 kiloqram barama istehsal edilmişdir. Lakin bu rəqəm də son hədd deyil. Bu gəlirli sahənin inkişafını təmin etmək məqsədilə hazırda güclü yem bazası yaradılır. Bunun üçün 12 min ədəd Çindən gətirilmiş, 3 min ədəd isə yerli tut tingləri əkilmişdir.
Bol məhsul üçün bol su lazımdır. Odur ki, rayonda əkin sahələrinin vaxtında suvarılması üçün hər il bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyətində mövsümqabağı hazırlıqla bağlı qərargah yaradılır ki, həmin qərargahın üzvləri görülən işlərə nəzarət edirlər. İlin əvvəllərində Ağstafaçay Hidroqovşaq İstismar İdarəsi tərəfindən 13 hidrotexniki qurğu, 6 hidropost və 8,4 kilometr beton kanallar cari, 5 sel ötürən, 4 su ayrıcı qurğu, 2 dükker əsaslı şəkildə təmir edilmiş, kanallar lil və kol-kosdan təmizlənmişdir.
Ağstafa suvarma sistemləri idarəsi, eləcə də Tovuz subartezian quyularının istismarı idarəsinin Ağstafa sahəsi də hazırlıq işlərinə ciddi yanaşmışdır. Belə ki, yaz-tarla işlərinin mütəşəkkil keçməsi üçün 43 subartezian quyusunda əsaslı təmir işləri aparılmış, quyulara nəzarət gücləndirilərək mövsüm ərzində 6892 hektar sahənin suvarılması təmin edilmişdir. Hazırda ölkə rəhbərinin sərəncamına əsasən, Yaradulla, Aşağı Kəsəmən, Zəlimxan, Qırıq Kəsəmən, Poylu, Xətai, Qarahəsənli, Düzqışlaq və Pirili kəndlərində sübartezian quyularının qazılması həyata keçirilir.
Suvarma suyu ilə yanaşı, əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Rayonun Soyuqbulaq, Həzi Aslanov və Qarayazı kəndləri içməli su ilə təmin edilmişdir. Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihə isə hazırda davam etdirilir.
Əvvəllər olduğu kimi, cari ildə də rayonda abadlıq və quruculuq işləri aparılır. Belə ki, Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmir olunması üçün bir sıra işlər görülmüşdür.
Rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə də abadlıq və quruculuq işləri genişləndirilmişdir. Cari ilin ötən dövrü ərzində rayonu əhatə edən kəndlərdə 17,6 kilometr suvarma arxları təmizlənmiş, 9,8 kilometr yol cari təmir edilmiş, 68 elektrik dayağı yenisi ilə əvəz olunmuş, 9 subartezian quyusu təmir olunmuş, 2 su keçidi salınmış, 3 elektrik transformatoru təmir olunmuşdur. Bundan başqa, kəndarası yollarda cari təmir işləri aparılmış, əhalinin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yollara qum-çınqıl döşənmişdir.
Mavi yanacağa olan tələbatın ödənilməsi sahəsində də işlər davam etdirilmişdir. Bu sahədə mövcud problemin aradan qaldırılması üçün Ağstafa şəhərində 2060 paqonmetr köhnə qaz xətləri, eləcə də Aşağı Kəsəmən kəndində 490 paqonmetr boru xətti yenilənmişdir. Rayonun Böyük Kəsik kəndinin qazlaşdırılması işləri başa çatdırılmış və istismara verilmişdir.
Rayonun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Uzun illərdən bəri əsaslı şəkildə təmir olunmadığından yararsız hala düşmüş Düzqışlaq-Kolayır-Qarahəsənli-Xılxına avtomobil yolunun yenidən qurulması işlərinə başlanmışdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər