Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin qurbanları ehtiramla anıldı

28 fevral 2019 | 11:00

Ağstafa Ağstafa Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyduğunu, 27 il ötməsinə baxmayaraq, bu faciənin ağrı və acısının hələ də qəlbimizdə yaşadığını bildirib. Lalə Eyyubova Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Heydər Əliyev Fondunun böyük işlər gördüyünü qeyd edib, bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılmasının hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb. Tədbirdə şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib.

Hamlet QASIMOV, Səməd HÜSEYNOĞLU, Əli NƏCƏFXANLI
“Xalq qəzeti”nin
bölgə müxbirləri

Keçidlər