Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdi Mustafayevin 100 illik yubileyi qeyd olundu

16 dekabr 2014 | 11:00

Ağstafa şəhəri Heydər Əliyev Mərkəzində görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət Aqrar Universitetinin ilk məzunlarından olan Mehdi Həsən oğlu Mustafayevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə geniş  tədbir keçirilmişdir.

Ağstafa Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları və qonaqlar ilk olaraq Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstləri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları  Mehdi Mustafayevin adını daşıyan parkda görkəmli dövlət xadiminin büstü önünə gül dəstləri qoydular.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları Mərkəzin foyesində Mehdi Mustafayevin 100 illik yubileyinə həsr olunmuş fotostend və kitab sərgisi ilə tanış oldular. Tədbiri giriş sözü ilə  Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq tanınmış dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin həyat və fəaliyyətindən danışaraq qeyd etdi ki, Ağstafalılar daima  öz eloğluları ilə fəxr etmiş, Ağstafa şəhərinin ən böyük küçələrindən biri onun adını daşıyır və onun xatirəsinə hörmət əlaməti olaraq Ağstafa şəhərində ötən il Mehdi Mustafayev adına park rayon sakinlərinin  istifadəsinə verilmişdir.
Tədbirdə çıxış edən Çingiz Fərəcov, Mahmud Məmmədov, xalq şairi H.Arifin qızı Zöhrə Hüseynova, Məmmədəli Əfəndiyev, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri, eləcə də digərləri görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin fəaliyyətindən və onun haqqında xatirələrindən danışdılar.
Mehdi Mustafayevin qızı, Rəna xanım çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və tədbirin təşkilatçılarına təşəkkür etdi.
Tədbir Ağstafa rayon mədəniyyət evinin xalq çalğı alətləri ansamblının və uşaq musiqi məktəbi şagirdlərinin konsert proqramı ilə yekunlaşdı.

Keçidlər