Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

  Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan  Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km² –dir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona   çevrilmişdir. Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları ilə həmsərhəddir. Rayonun ərazisi qərbdən Qazax rayonu, şərq və cənub-şərqdən Tovuz rayonu, Şimal-qərbdən Gürcüstanın Qarayazı (Qardabani), şimaldan Qaraçöp (Saqareco), Şimal-şərqdən Siqnaxi rayonları ilə, cənubdan Ermənistanın Şəmşəddin (Berd) rayonu ilə qonşudur.

Rayonda bir şəhər (Ağstafa), 9 qəsəbə (Vurğun, Poylu, Şəkərli, Ceyrançöl, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Həzi Aslanov, Qarayazı) və 29 kənd var. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Ağstafa şəhəridir1941-ci ildə şəhər statusu almışdır. Okean səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (01.01.2013-ci il tarixə) 12716 nəfərdir. Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Gəncə-Qazax iqtisadi rayonunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl alçaqdağlığında yerləşən Ağstafa rayonunun əhalisi (01.01.2020-ci il tarixə)  88 379 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə  450 km-dir.

Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və heyvanlar qorunur.

Rayonun iqlimi mülayim-isti və yarımsəhra iqlimidir. Azərbaycanın ən böyük çayı olan Kür çayı və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay rayonun ərazisindən axır. Candargöl gölü  rayonda yerləşir. Səthi, əsasən, düzənlik və alçaqdağlıqdır. (Gəncə-Qazax və Qarayazı düzləri, ceyrançöl alçaqdağlığı). Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. Yovşanlı-şoranotlu yarımsəhra və quru-çöl bitkiləri, Kür çayı sahilində Tuqay meşələri vardır. Heyvanları: ayı, canavar, tülkü, çöldonuzu, boz dovşan, çölsiçanı və s. Quşları: qırqovul, turac, kəklik, göyərçin və s. Qarayazı Dövlət qoruğu Ağstafa rayonu ərazisindədir.

Relyefi:

Azərbaycanın şimal qərb hissəsində, Böyük Qafqazın ətəkləri, Kiçik Qafqazla Qabirri yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl öndağlığında yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə, Qazax və Qarayazı düzləri). Cənub-qərb, şimal və şimal-şərq hissələri (Yaylacıq silsiləsi, Çobandağ silsiləsi) alçaq dağlıqdır. Şərq hissəsi Çeyrançöl düzüdür. Ən yüksək zirvəsi 1083 metr olub rayonun cənub hissəsindədir. (Çobandağ silsiləsi).

İqlimi:

İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. İllik yağıntı 350–700 mm-dir.

Geoloji quruluşu:

Rayon ərazisində Tabaşir, Paleogen, Antropogen çöküntüləri yayılmışdır.

Landşaftı:

Əsasən, dağ-şabalıdı, dağ-boz qəhvəyi, şabalıdı, açıq-şabalıdı torpaqları daha geniş yayılmışdır. Kiçik Qafqaza aid olan hissəsində dağ meşələri, Kür çayının sahilində isə kiçik sahələrdə tuqay meşələrinin fraqmentlərinə rast gəlinir.

Flora:

Rayonun tuqay meşələri bir neçə zonadan ibarətdir. Kür çayının sahilləri boyunca söyüd, yulğun, böyürtkan, çaytikanı və adi zirinc kollardan ibarət pöhrəliklərə təsadüf edilir. Onlardan sonrakı sıranı ağyarpaq qovaq, titrək və qara qovaq, ağ tut və müxtəlif söyüd növlərindən ibarət olan tuqay meşələri tutur. Ağacları ağəmsə, hüyəmə, mərəvcə, meşəüzümü kimi sarmaşan bitkilərlə sarınmışdır. Böyürtkan, adi birgöz, yulğun, adi nar keçilməz meşəaltı yaradır. Bəzi ərazilərdə meşə çoxyaruslu struktura malikdir. Birinci yarus hündürlüyü 20-25 metrə çatan qovaq ağaclarından ibarət olur. İkinci yarusda 12-15 metr hündürlüyə malik söyüd və tut ağacları yerləşir. Üçüncü yarus hündürlüyü 7-8 metr olan tut, iydə, yemişan və qarağacdan ibarətdir.

Ot örtüyü sıx olub, əsasən, topal, ətirşah, dalamaz, gicitkan, dilqanadan və yabanı kök növlərindən təşkil olunmuşdur. Qovaq və söyüd ağaclarından yuxarıdakı zona uzunsaplaq palıd, saqqızağac, ağ tutdan ibarətdir. Meşəaltı zona müxtəlif növ yemişan, adi zirinc, zoğal, əzgil, qaratikan kollarından ibarətdir. Buradakı qarağacların orta ömrü 60-70 il, palıd ağaclarının isə 90 ildir. Burada hündürlüyü 35-40 metrə, gövdəsinin diametri 2.5 metrə çatan nəhəng ağaclar az deyil.

Çeyrançöl ərazisində yarımsəhra bitkiləri geniş yayılmışdır. Buranın yovşanlıqları zəngin flora müxtəlifliyinə (190 cinsə aid olan 300-ə yaxın borulu bitki növü) malikdir.

Çeyrançöl yovşanlıqlarında rast gəlinən 4 növ Azərbaycan endemləridir. Bunlar qınlı xaşa, lebedur məsməsi, eyxler tülpanı və karyagin yemliyi növləridir. Burada, həmçinin 13 Qafqaz endemi vardır.

Fauna:

Kür çayı balıqlarla zəngindir. Bunlar, əsasən, Kür xramulyası, çəki, naxa, qalınalın, durnabalıq, mursa, qızılxallı, kür şirbiti, qıjovçu və gümüşcə növləridir. Ərazidə qaban, boz dovşan, çölsiçanı və başqa heyvan növlərinə rast gəlinir. Yırtıcılardan ayı, canavar, adi tülkü, porsuq, meşə pişiyi və çaqqala daha çox rast gəlinir.

Quşlardan qırqovul, turac, boz kəklik, göyərçin, qızılı qızlarquşu, susüpürən, murad-quşu, adi alaçöhrə, almabaş qaraördək, kiçik ağvağ və digərlərinə daha çox rast gəlinir.

 

Keçidlər