Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynli Əliheydar Səlahəddin oğlu

 
2021/09/elihe-1632685225.jpg

line
Soyad: Hüseynli
Ad: Əliheydər
Ata adı: Salahəddin
Doğum tarixi: 14.04.1994
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
 
Əliheydər Salahəddin oğlu Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2000–2011-ci illərdə Qırılı kənd tam orta məktəbində, 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisası üzrə təhsil alıb. Əliheydər Hüseynli 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən etibarən “Azərişıq ASC”-nin Nərimanov rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışırdı.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əliheydər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. O, noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydər Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydər Hüseynli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Xocavənd və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydər ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.



Yeni nişanlanmışdı... Müharibə başa çatdıqdan sonra ailəsi onu evləndirməyi planlaşdırırdı...

"Onun döyüşdə iştirakını bilmirdim. Qızlarım indi deyir ki, vəziyyəti onlara söyləyirmiş. Anamdan muğayat olun deyib. Biz döyüşə giririk. Mənə isə dedi ki, bir sürprizimiz olacaq, televiziyanı izləyərsiniz. Sonuncu dəfə mənimlə gülə-gülə danışdı. Dedi, bir şey qalmayıb yaxında görüşəcəyik”, - deyə şəhid anası Zabilə Musayeva bildirib.

Dayısı Nəriman Musayev deyir ki, onunla bacı oğlu, dayı münasibətindən daha çox bir dost, sirr yoldaşı olublar:

"Bir problemi, çətinliyi olanda dərdini mənə danışardı. Döyüş yoldaşları ilə də söhbət etdim. Mən onlarla, döyüşdə iştirak edən əsgərlərimizin hamısı ilə fəxr edirəm. Elə yüksək əhval-ruhiyyələri vardır ki, adam gözlərinə inanmırdı. Deyirdim, yaşım az olsa idi, mən də onlara qoşulardım. Döyüşə elə gedirdilər ki, sanki hansısa şadlığa gedirdilər”.



Əliheydərin atası kənddə fizika-riyaziyyat müəllimi işləyib. Lakin atası dünyasını dəyişəndən sonra ailənin tək oğul övladı kimi ailəyə başçılıq edirdi. Əliheydərin üç bacısı var. Böyük bacısı Nərmin qardaşı ilə fəxr etdiyini söyləyərək deyib:

"Qardaşım çox vətənpərvər idi. Müəllim ailəsi idik, atamdan qavradığımız vətənpərvərlik hissləri onsuz da bizim hər birimizdə var idi. Deyirdi ki, hərbi formanı geydikdən sonra adamın düşmənə qarşı döyüşməkdən başqa bir düşüncəsi olmur”.

Ailəsi ilə sonuncu dəfə telefonla danışanda dediyi "sürprizimiz var” sözündəki sürpriz isə Şuşa şəhəri idi. Evlənmək, ailə qurmaq ona nəsib olmasa da, Şuşanın azad olunmasını görmək istəyi nəsib oldu Əliheydərə...





 

Keçidlər