Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlarımız

Alıcanov Rafiq Cəfər oğlu

11 iyul, 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır.
1988-ci ildə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir.O bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

 

Həsənov İlham Gülbala oğlu

6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. 1993-cü ildə məktəbi bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir, bura daxil ola bilməyən İlham ruhdan düşmür Bakı Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. Bakıdakı hərbi hissələrin birində xidmətə başlayır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə... İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki, mart hadisələri baş verdi.

Öz Dövlətinə, Rəhbərinə, Xalqına xidmət edən İlham Həsənov mart hadisələri zamanı dəstənin zərərsizləşdirilməsində canından keçən neçə-neçə vətən oğullarından biri oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağstafa şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ağstafa rayonunda adına küçə var.


Qədiməliyev Arif Massiv oğlu

13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir. O, ilk döyüşlərinə kəşfiyyatçı kimi başlamışdır.
Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edir, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmət və təşəkkürlərini qazanır. 1995-ci ilin  13-17 mart hadisələri zamanı o dövlətçiliyimiz uğrunda canından keçdi…
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Dağ Kəsəmən kəndində dəfn edilmişdir.
Ağstafa şəhərində büstü qoyulmuşdur, qəhrəmanımızın adına mədəniyyət evi var.

 

Qurbanov Novruz Əliyullah oğlu

1975-ci il 2 iyun tarixdə Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.
"N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağstafa rayonunun Yuxarı Göycəli kəndində dəfn edilmişdir.
Həmin kənddə büstü qoyulmuşdur.

 

Babayev Əjdər Xalıqverdi oğlu

1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafanın Xətai kəndinə köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır. Ordudan tərxis olunan Əjdər Bakı şəhərinin Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü.
1985-ci ildən Ağstafa rayon polis şöbəsində xidmətini davam etdirir.
1995-ci il... 13-17 mart hadisələri...Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi Vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu.
Evli idi, dörd övladı yadigar qalıb.
Azərbaycan Respubliksaı Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Adına məktəb var.

Keçidlər